Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru Əbülfəz Axundovun doğum günüdür.
Əbülfəz Dadaş oğlu Axundov Lənkəran rayonunun Şağlakücə kəndində anadan olub. Əbülfəz bəy Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsində ali təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb.
Çıxış etdiyi tamaşaların sayı-hesabı olmayan Əbülfəz Ağayev Qarakişi (“Gəl qohum olaq”, İ.Məlikzadə), Məlik Məlikzadə (“Eh, qadınlar, qadınlar”, M.Haqverdiyev), Cəbi (“Hacı Qənbər”, N.B.Vəzirov), Məhəmməd xan (“Nadir şah”, N.Nərimanov), Qulam (“Pul dəlisi”, Ə.Orucoğlu), Şahin (“Məni qınamayın”, Hidayət), Kor heykəltaraş (“Şeytanın oyunları”, M.Xubai), Qulam (“Şeytan işığı”, K.Nəzirli), Manilov (“Ölü canlar”, N.Qoqol), Mirzə Həbib (Lənkəran xanının vəziri”, M.F.Axundov), Paskuele (“Ruhlar”, E.Filippo), Birinci kor (“Korlar”, M.Meterlink), Axund (“Vəfalı Səriyyə” C. Cabbarlı) və s. bu kimi obrazlar canlandırıb.
Hazırda peşəkar aktyorumuz Kamal Abdullanın “Casus” pyesinin tamaşasında yeni rol üzərində çalışır.
Əbülfəz Axundov “Fəxri mədəniyyət işçisi” və Prezident mükafatına layiq görülüb.