AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, t.ü.f.d. Samir Kərimov və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadənin həmmüəllifliyi ilə “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil olan “Археология Евразийских степей” (“Avrasiya düzənliklərinin arxeologiyası”) jurnalının 2023-cü il 5-ci sayında “Azərbaycanın cənub-şərq bölgəsindən tapılmış “Misir heykəli” qədim mədəni və ticarət əlaqələri sistemində” adlı məqalə çapdan çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində science.gov.az saytına istinadən verir.
İngilis dilində olan məqalədə Lənkəran rayonunun Digah kəndi ərazisindəki Son Tunc-İlk Dəmir dövrünə aid Divalona nekropolundan dağılmış bir qəbirdən təsadüfən tapılmış və 1962-ci ildə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmiş qoşa insan təsvirli Misir fayansından hazırlanmış heykəldən bəhs olunur.
Qeyd olunur ki, Qədim Misirin Cənubi Qafqazla əlaqələri yazılı mənbələrdən daha çox arxeoloji faktlara söykənir. Müxtəlif sülalələr dövrünə aid olan bu əlaqələr, çox güman ki, ticari məqsəd daşımış və şübhəsiz ki, bu ticari əlaqələr də çox pilləli mübadilənin nəticəsi olmuşdu. Bu heykəl Azərbaycan ərazisində ilk tapıntı olmaqla yanaşı, həm də Cənubi Qafqazla Ön Asiya arasındakı mədəni və ticarət əlaqələrinin araşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Divalona nekropolundan tapılmış Misir fayansından hazırlanan qoşa insan heykəlini e.ə. IX-VIII əsrlərə aid etmək mümkündür.