Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Sərginin açılışında çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran rayon bölməsinin sədri Qafar Cəfərli və Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cənub Regional Nümayəndəliyinin sədri, 2-ci qrup Vətən müharibəsi əlili İlqar Əliyev tədbirin keçirilməsinin mahiyyətindən danışıblar.
Rəsmi açılışdan sonra tədbir ümummilli liderə həsr olunmuş mahnıların sədaları altında davam edib. Sərgidə iştirak edənlər böyük maraqla kitabları nəzərdən keçiriblər. Sərgidə 30-a yaxın nüfuzlu nəşriyyat və kitab evinin minlərlə kitabı təqdim olunur.
Həmçinin sərgi müddətində müxtəlif müsabiqələr, hədiyyələr, kitab təqdimatları, tanınmış yazarlarla görüşlər və imza günlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sərgi Lənkəran Şəhər İcra Hakimiyyəti və “Secret” kitab evinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin tərəfdaşlığı ilə baş tutub.