Lənkəran Olimpiya İdman Kompleksində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.
Lənkəran Dövlət Universitetinin və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə baş tutacaq yarmarka 26 may saat 11:00-da keçiriləcək.
Tədbirdə Lənkəran-Astara iqtisadi rayonu üzrə 30 müəssisə tərəfindən 900-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlməsi arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etməyiniz mümkündür.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaq.
Yarmarkada Lənkəran Dövlət Universitetinin məzunları və son kurs tələbələri iştirak edə bilərlər.