Paytaxt Bakıdan Lənkərana sürətli idman avtomobillərinin yürüşü təşkil olunacaq. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir.
Azərbaycan Avtomobil Federasiyası tərəfindən iştirakçılar üçün iyunun 10-11-də bir sıra proqramlar hazırlanıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının hoteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.
Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək. Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilərlər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.