Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərslərinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində verir.
Belə ki, 16 oktyabrdan etibarən teatrda gənc aktyorlar üçün 5 günlük ustad dərslərinə start verilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində “Stanislavski sisteminin psixofizik etapları” mövzusunda gerçəkləşən məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparır.
Oktyabrın 21-ə kimi davam edəcək məşğələlər zamanı Stanislavski sisteminin 8 psixofizik elementləri və Vaxtanqov məktəbi əsasında “obraza ilkin addım” kimi “”Təxmin olunmuş vəziyyətlər”də obraza etüdlər” bölməsi keçiriləcək.
Abdulla Elşadlı ilkin variant kimi A.P.Çexovun “Təklif” vodevilindəki təklif olunmuş vəziyyətlərin içində Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları və aktrisaları ilə “təxmin edilmiş vəziyyətlər”in etüd prosesinin içində “Bədii səhnə obrazı necə yaradılmalı?” texnikasını öyrədəcək.
Qeyd edək ki, bu layihənin ayda 5 gün olmaqla digər bölgə teatrlarında da həyata keçirilməsi nəzərdə tutulub.