Lənkəran Dövlət Dram Teatrı payız mövsümündə yeni tamaşalarla teatrsevərləri sevindirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Belə ki, teatr kollektivi mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” iki hissəli pyesinin məşqlərini davam etdirir. Əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Təvəkkül Həsənovdur. Tamaşanın oktyabr ayında istehsalata buraxılması nəzərdə tutulub.
Həmçinin teatrda Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın son məşqləri gedir. Teatrın baş rejissoru Anar Babalının quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir. İkihissəli səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Qızılgül Quliyeva, Allahverən Babayev, Aynur Əhmədova, Miraslan Ağayev, Əbülfəz Axundov və Sayad Əliyev ifa edirlər.
“Casus” tamaşası tezliklə teatrsevərlərin ixtiyarına veriləcək.