SON XƏBƏRLƏR

Xəzər TV-də yayımlanan “Ənənə boğçası” verilişi Sütəmurdov kəndində olub. Bu haqda məlumat Xəzər TV-nin Youtube kanalında verilib.

Veriliş boyu aparıcı Sütəmurdov kəndini qarış-qarış dolaşaraq məşhur rəssam-müəllim Vüsal Cabbarovun evini axtarıb. Sonda ünvan tapılaraq, Vüsal bəylə maraqlı bir çəkiliş baş tutub.

Belə ki, Vüsal bəy Azərbaycanda ilk rəssamdır ki, kağız üzərində yandırma üsulu ilə şəkillər çəkir. “Ağac üstə bunu edən çoxdur, lakin kağız üstə ilk dəfə mən etmişə”,- deyə o qeyd edib.

Həmçinin o, gözü bağlı dünya xəritəsi çəkir. “İki dəfə bununla bağlı Qinnesin rekordlar kitabına müraciət etmişəm. Birinci dəfə cavab gəldi ki, rəqib olmadığından qeydə ala bilmirik. İkincinin cavabı hələ gəlməyib”, – o deyib.

Bununla Vüsal bəyin istedadı bitmir. O, veriliş zamanı, 3 dəqiqə ərzində gözü bağlı Şah İsmayıl Xətainin, 10 dəqiqə ərzində isə aparıcının şəklini gözü bağlı tərs şəkildə çəkib.