SON XƏBƏRLƏR

Lənkəran Regional Mədəniyyət İdarəsi Qobustan Milli Tarix-Bədii Qoruğunda keçirilən “Plov” festivalında iştirak edib. Bu haqda məlumatı bu gün, 23 mart tarixində İdarənin rəsmi Facebook səhifəsi verib.

Novruz bayramı adət-ənənələrinin təbliği məqsədilə təşkil edilən festivalda qoruğa gələn ziyarətçilərə plovun müxtəlif növləri təqdim olunub.

Cənub mətbəxindən iştirakçılara plov, balıq ləvəngisi, təbii yolla hazırlanan kompotlar, şirniyyatlardan isə qəndi külçə, şorçörək, partlama və Lənkəran çayı təqdim olunub.

Festivalda həmçinin Lənkəran-Astara bölgəsinin bir qrup sənətkarlardan ibarət əl işləri sərgilənib. Bambukdan hazırlanan əşyalar arasında masa, stul, kreslo, kitab rəfi iştirakçıların diqqətini cəlb edib.

Lənkəranın maddi-mədəni abidələrini özündə əks etdirən keramikadan hazırlanmış əsərlər, kompozisiyalı tipajlar, həmçinin zəmbil, nehrə qabı, sandıq və s. suvenirlər sərgilənib, həsirçilik, toxuma səbətlər, papaqlar təqdim edilib.

Lənkəranın Regional Mədəniyyət İdarəsinin C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” folklor və rəqs kollektivi maraqlı rəqs və musiqi nömrələri ilə çıxış ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsi
Lənkəran Regional Mədəniyyət İdarəsi