Lənkəranda şəhidlərə həsr olunmuş tədbir keçirilib. Bu haqda bu gün, 4 dekabr tarixində Lənkəran Regional Mədəniyyət idarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
“Şəhidlər ölməz, Vətən bölünməz” adlanan xatirə gecəsi Göyşaban kənd Yaradıcılıq Evində baş tutub. Tədbir İkinci Qarabağ müharibəsi şəhidləri Ağazadə Sənan Nizami oğlu və Məmmədli Elməddin Ələddin oğlunun xatirəsinə həsr olunub.
İlk öncə bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru şəhidlərin və şəhidliyin məqamı haqda danışıb. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu cür tədbirlərin böyük rol oynadığı vurğulanıb.
Mərasimdə Yaradıcılıq Evinin özfəaliyyət kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Qeyd edək ki, tədbirdə şəhid Sənan Ağazadənin və Elməddin Məmmədlinin ailə üzvləri, Qarabağ Müharibəsi qaziləri, bir sıra təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.
