SON XƏBƏRLƏR

Cəlilabadlı 13 yaşlı Xədicə Məlikova sadə karandaşlar, kömür və qəhvə istifadə edərək maraqlı portretlər çəkir. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində İTV-yə istinadən verir.

İndiyə kimi heç bir rəssamdan dərs almayan 8-ci sinif şagirdi deyir ki, təxminən bir il əvvəl özündə bu istedadı kəşf edib.

İlk əl işlərini görən doğmaları da ona dəstək olublar. Xədicə bu işdə internet resurslarının imkanlarından yararlanaraq biliklərini genişləndirib. Onun rəsmləri arasında insanları müxtəlif emosional vəziyyətlərdə əks etdirən ağ qara portretlər üstünlük təşkil edir.

Xədicə müxtəlif insan və heyvan portretlərinin çəkilməsində karandaşlarla yanaşı, bəzən kömür və qəhvədən də istifadə edir. Onun sözlərinə görə, əl işlərinə qeyri-adilik verən amillərdən biri də budur. Ən böyük portretini 3 günə çəkdiyini deyən azyaşlı rəssam hazırda yağlı boyalarla da özünü sınamağa başlayıb.

Xədicə Məlikovanın əl işləri oxuduğu məktəbdə də sərgilənir. Müxtəlif festivallarda nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Xədicənin müəllifi olduğu rəsmlər dəfələrlə müxtəlif rayonlarda təşkil edilən müsabiqələrdə diplom və fəxri fərmanlara layiq görülüb. Hazırda isə gənc rəssam yaxın günlərdə təşkil ediləcək uşaq incəsənət festivalına hazırlaşır.