SON XƏBƏRLƏR

Hirkan Milli Parkında “Təbiətin keşiyində” adlı eko-skaut düşərgəsi təşkil edilib. Bu haqda məlumatı bu gün, 19 oktyabr tarixində Report verib.

Düşərgə IDEA İctimai Birliyi və Azərbaycan Skaut Assosiyasının təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub.

Düşərgəyə 18-25 yaş arası ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan, təhsilini tamamlamış və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.

Gənclər üçün üç günlük düşərgə müddətində Hirkan Milli Parkının ərazisində eko-tur təşkil edilib, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusunda təlim, o cümlədən dağçılıq kimi idman sahələrində müasir avadanlıqlarından istifadə, qeyri-adi vəziyyətlərdən çıxış üsullarını və yaralıya ilk tibbi yardım qaydalarını praktiki təlimlərlə öyrənməklə yanaşı, əsrarəngiz mənzərəsi olan Xanbulan gölünə yürüşlər, səmti müəyyən etmə, oxatma, idman oyunları, zipline-dan uçuş, ekstremal gecələmə, müxtəlif ekoloji yarışlar və müsabiqələr keçirilib.

Həmçinin, gənclər qlobal ətraf mühit problemləri üzrə fikir mübadilələrində, ətraf mühitlə bağlı “Tullantıdan sənətə” təlimində və musiqili əyləncələrdə iştirak ediblər. Düşərgənin sonunda iştirakçılara xatirə sertifikatları təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.