SON XƏBƏRLƏR

Şümşad ağacı cənub bölgəsində yayılmış ağac növlərindən biridir. Bununla bağlı Apa TV bu gün, 5 yanvar tarixində reportaj hazırlayıb.

Bu bitkiyə el arasında talışca “şimşirə” də deyilir. Əsasən, Astara və Lənkəranda rast gəlinən ağac kölgəyə davamlı və yavaş böyüyəndir. Adətən bitki və ya kol şəklində olsa da, bəzən ağac şəklində də ola bilir. Yerli sakinlər bu ağacı “müqəddəs ağac” adlandırırlar. Bu müqəddəs ağac qaraciyər xəstəlikləri ilə mübarizədə xeyirlidir və qanın təmizlənməsini təmin edir. Ancaq insanların onu müqəddəs hesab etməsinin səbəbi ağacın daha çox pirlərdə, ocaqlarda, qəbiristanlıqlarda bitməsidir. Sakinlər inanırlar ki, bu ağacın yerini dəyişmək olmaz.

Din xadimləri isə deyirlər ki, bu ağacların yayıldığı ərazilərdə pirlərin olması sirli qüvvələrlə bağlı deyil. Bunun səbəbi tarixən karvan səyahətləri zamanı insanların ölülərini sonradan gəlib tapa biləcəkləri ərazilərdə, seçilən, yaddaqalan, tanıya biləcəkləri yerlərdə basdırmalarıdır.

Şümşad ağacının latınca adı “Buxus”, yunanca “buxe” – sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir.

Qeyd edək ki, şümşad ağacı həmişəyaşıl, kol tipli ağaclara aiddir. Eni 2 metrdən 10 metrə qədər arta bilir. Ağacın oduncağından musiqi alətlərinin düzəldilməsində istifadə edilir. Əsasən, zurna, balaban və qoşanağara çubuqları hazırlanır.