SON XƏBƏRLƏR

Cənub bölgəsində dekabrın 20-dən 21-nə keçən gecəyə, yəni yer kürəsinin qış fəslinə qədəm qoyduğu günə “Çillə Axşamı” deyilir və xüsusi adət-ənənə ilə qeyd olunur. Bununla bağlı Apa TV reportaj hazırlayıb.

Həmin gecə ailə üzvləri, qohum, dost, tanış bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər. Bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir.

Bayram axşamı qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, qışdan qorxmamağa işarədir. Həmin gün nişanlı qızlar üçün bayram xonçası aparmaq adəti bu günümüzə qədər gəlib çatıb. Çillə qarpızı kəsilən vaxt niyyət tutulur. Qarpızın baş tərəfini kəsirlər və dörd yerə ayırdıqdan sonra atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, misal üçün: 2-si yaşıl, 2-si ağ olarsa, niyyət qəbul edilmiş sayılır. Çillə qarpızını adətə görə, evin ağsaqqalı kəsir və ailə üzvlərinə, qonşulara, xüsusən səhhətində problem olan adamlara verir ki, şəfa tapsınlar. İnanca görə, kim çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa sağlam çıxar Qeyd edək ki, xalq arasında qış fəsli çillə adı ilə üç yerə bölünür. Bunlar böyük çillə, kiçik çillə, boz ay və ya ala çillə adlandırılır. Böyük çillə 40, kiçik çillə 20 gün, ala çillə isə bir ay davam edir.