SON XƏBƏRLƏR

Cəlilabadda 100-dən çox kənd tipli yaşayış məntəqəsi var ki, onların bəzilərinin adları ilk səslənişdə maraq yaradır.

Bunlar Axtaxana, Edişə, Çünzəli, Lallar və digərləridir. Ilk eşidəndə bu adlar qəribə səslənsə də, əslində onların etimologiyasını araşdırdıqda, müxtəlif mənalarının olması məlum olur.

Araşdırmaçı Mahmudağa Qasımov bildirib ki, Cəlilabadda qədim yaşayış məskənləri çoxdur. Rayonun ilk tarixi Həməşərandan başlayıb və bu yerin yaşı bizim eradan əvvələ, ikinci minilliyə gedib çıxır. Vaxtı ilə Həməşəran düşmənlər tərəfindən işğal olunaraq dağıdılıb. Dağıdılandan sonra ikinci dəfə Astranxanbazar şəhərinin bünövrəsi qoyulub. O da müəyyən tarixə söykənir. Onun haqqında “Cəlilabadın tarixi, etnonim və toponimləri” kitabında geniş məlumat verilib.

“Maraqlı yer adları sırasında Axtaxananı, Dələlini, Ətçələri, Lalları və s. misal göstərə bilərik”, – deyə araşdırmaçı əlavə edib.

Edişə kəndinin 70 yaşlı sakini Əlihüseyin Ağayev də kəndinin etimologiyasının açılmasını arzulayır. O, kəndinin adının dəyişdirilməsini, müasir adla tanınmasını istəmir.

Tədqiqatçı-alim Mahmudağa Qasımov əslində etnonimləri, yer-yurd adlarını, tayfa adlarını qoruyub saxlamalı olduğumuzu və daha ciddi tədqiq etməyə zəruriyyət yarandığını bildirir.