Lənkəranlı kolleksiyaçı Şaiq Əzimov “Cənub bölgəsinin ən varlı sakini” sayılır. Bu haqda məlumatı Azertac paylaşıb.
Belə ki, o, uşaq yaşlarından pul, marka və maraqlı əşya toplamaqla məşğul olub. “Böyük əmim də kolleksiyaçı olub, uşaq vaxtı onun yığdığı pullara baxardım. Sonra məndə də həvəs yarandı, başladım qədim pullar toplamağa. Hazırda kolleksiyamda mindən çox kağız, minə yaxın isə dəmir pul var”- deyə o qeyd edib.
Kolleksiyasında ən dəyərli əskinas 1919-cu ildə General Yugenisin adına buraxılandı. Həmçinin, Səddam Hüseynin təsviri olan əskinas və Misir pullarıda onun üçün çox dəyərlidir.
“İstəyirəm ki, dünya ölkələrinin bütün pulları kolleksiyamda olsun. Amma bu, mümkün deyil. İnsan ömrü buna çatmaz”- o, söyləyir.
Kolleksiyaçı gələcəkdə muzey yaratmaq fikrindədir. Burada təkcə pulları deyil, digər antik əşyaları da sərgiləməyi düşünür.
Qeyd edək ki, Şaiq Faiq oğlu Əzimov 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində doğulub. Uşaqlıqdan bu sahəyə maraq göstərsə də, 5 ildir peşəkar olaraq pul kolleksiyası toplayır.