SON XƏBƏRLƏR

Bu gün, 22 mart tarixində “Palmali” Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi, iş adamı Mübariz Mənsimovun doğum günüdür. Onun 55 yaşı tamam olur.

Mübariz Mənsimov 1968-ci ildə Bakı şəhərində 9 uşaqlı kasıb bir ailədə anadan olub. Əslən Masallı rayonunun Miyankü kəndindəndir. Adını atası “Neftçi” komandasının məşhur futbolçusu Mübariz Əsgərovun şərəfinə qoyub.

Atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olur və üç il ərzində kəşfiyyat sahəsinin incəliklərini öyrənir. 1985-ci ildə Almaniyaya göndərilən M.Mənsimov dörd il sonra öz arzusu ilə hərbidən tərxis olunur. Buna səbəb erməni generalı idi. Əsgərlik həyatından sonra 1 il yarım gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Beləliklə də bu sahədə ilk addımlarını atıb.

1998-ci ildə “Palmali” şirkətini Türkiyəyə köçürür və bir neçə il sonra türk vətəndaşlığı alaraq soyadını Qurbanoğluya dəyişdirir. Mənsimovun 25 ölkədə ofisi, 45 mindən çox işçisi var. Şirkətin 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizi daşınır. Ən böyük müştərisi “BP” şirkətidir.

Türkiyədə fəaliyyət göstərməsinə baxmayaraq, doğma Cənub zonasını heç zaman unutmayıb. O, cənublular üçün “Xəzər Lənkəran” PFK-nı və “Palsüd” şirkətini yaradır və heç birindən qazanc götürmür.

Xeyriyyəçi kimi tanınan Mübariz Mənsimovun tankerlərindən biri Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır və o, gəmidən gələn illik gəlirin 5 faizini qəhrəmanımızın valideyinlərinə verir. O, həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələri daim dəstəkləyib və öz vəsaiti hesabına onlara uzun müddət təqaüd verib.

“Forbes” jurnalının 2015-ci il buraxılışında 1,3 milyard dollar sərvəti ilə Mübariz Mənsimov “Ən varlı 100 türk”ün arasında 18-ci sırada qərarlaşır.

17 mart 2020-ci ildə Fetullah Gülenlə (FETÖ) bağlı aparılan istintaq çərçivəsində saxlanılır. Bir neçə ay sonra şirkəti müflis olur. 5 mart 2021-ci ildə 5 illik ev həbsi şərti ilə azadlığa buraxılır.