Bu gün, 18 mart tarixində Lənkəran Dövlət Dram Teatrının aktyoru Miraslan Ağayevin 65 illik yubileyidir.
Miraslan Əzizəli oğlu Ağayev 1958-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi işə qəbul olunub. 1987-1992-ci illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyir. Şəhərin ictimai tədbirlərində fəal iştirakına görə 24 mart 1982-ci, 27 mart 1985-ci, 14 oktyabr 1987-ci illərdə Azərbaycan Lenin Komsomol Gənclər İttifaqının Lənkəran şəhər komitəsinin fəxri fərmanları ilə təltif olunub. Miraslan Ağayev Türkiyənin Dənizli, Antalya və Konya şəhərlərində festivallarda iştirak edib.
Miraslan Ağayevin oynadığı tamaşalardan C. Məmmədquluzadənin “Ölülər”, Ü. Hacıbəyovun “Olanlardan, keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasında “Qızıl fond”da saxlanılır. Miraslan Ağayev teatr həmkarlar təşkilatının idarə heyətinin sədridir.
Miraslan Ağayev yaradıcılığı boyu Cəfər Cabbarlının “Sevil” (Əbdüləli Bəy), Hüseyn Cavidin “Topal Teymur” (Nazim Ağa), “ Lənkəran xanının vəziri” (Səlim bəy), Cəlil Məmmədquluzadənin “Ölülər” (Hacı Baxışəli), Üzeyir Hacıbəyovun “Olanlardan, keçənlərdən”, Jan Batis Molyerin “Mizantrop” (Klintandr), A.Ostrovskinin “Günahsız müqəssirlər” (İvan), Fridirix Şillerin “Qaçaqlar” (Şveytser), Nikolay Qoqolun “Müfəttiş” (Karopkin), “Ölü canlar” (Sobakeviç), Eduardo de Flipponun “Ruhlar” (Qastone Kalifani), Sergey Mixalkovun “Bahalı oğlan” (Raul), V. Vişnevskinin “Nikbin faciə” (Anarxistlərin başçısı), Nuşiçin “Nazirin xanımı” (Pera), M.Xubayenin “İblisin oyunları” (Pollada), Əziz Nesinin “İntihar” (Murad bəy), Bəhram Beyzainin “İlan Sultan” (vəzir), Bəkir Yıldızın “Kərbəla” (Sərxum), H.İbsenin “Kuklalar evi” (Krokstat) Kamal Abdullanın “Casus” (Şir Şəmsəddin) və digər əsərlərdə müxtəlif xarakterli obrazlar yaradıb.
Miraslan Ağayev “Günəşim ol”, “Susmuş vicdan”, “Durnalar qayıdır”, “Sevginin göz yaşları”, “Durnalar qayıdanda” və digər teleseriallarda çəkilib.