SON XƏBƏRLƏR

Ölkəmizdə bonsay yetişdirməklə məşğul olan yeganə insan Lənkəran

sakini Faiq Axundovdur. Bu haqda məlumatı ARB Cenub verib.

İxtisasca bioloq olan Lənkəran sakini Faiq Axundov 30 ilə yaxındır bu sənətlə məşğuldur. O, indiyədək 200-ə yaxın bonsay ağacı ərsəyə gətirib.

Ağac yetişdirmək, onlara qulluq etmək nə qədər bacarıq, səbr tələb edirsə, bonsay sənətində bu tələblər qat-qat artır. Çünki bonsaylar adi ağaclardan fərqli olaraq, daha həssas qulluq tələb edir. Çətirinin gözəl alınması, boy artımının zəyifləməsi üçün ağaclar həm budaq, həm də kök hissədən budalanır.

Faiq Axundov: “Bonsayı iki illik şitildən kök və çətir sistemini budamaq şərti ilə düzəltmək lazımdır. 8-10 il çəkilən böyük zəhmətdən sonra ağaclar bonsay formasını alır. Budamağı gərək düzgün edəsən ki, gələn il yazda yeni çıxan budaqlar kobud olmasın”.

Amma hər ağac da bonsay olmağa tabe olmur. Məsələn, Lənkəranın Dəmir ağacı. Dəmir ağacın yarpaqları iri olduğundan və qol budaqları sağa sola çox ayrıldığına görə, bunu bonsay etmək bir qədər çətindir. Amma Faiq müəllim bunu bacarıb.

Sənətkar deyir ki, bonsayı evin bir küncündə saxlamaq olmaz. Uzunömürlü olması üçün ona düzgün qulluq etmə qaydasını bilmək lazımdır. Ona görə də alıcılar Faiq Axundovla mütəmadi olaraq əlaqə saxlayıb, lazımı məlumatları əldə edirlər.

Qeyd edək ki, bonsayların qiyməti 100-250 manat civarındadır. Qiymətə təsir edən amil ağacın yaşı və növüdür.