Səməd Vurğun adına Astara rayon Təngərüd kənd tam orta məktəbinin yardımçı təsərrüfatında meyvələrin yığımı aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində Azərtac-a istinadən verir.
Buradan yığılan meyvələrin satışı təşkil edilərək, əldə olunan maddi vəsait məktəbin daxili ehtiyaclarına sərf olunur.
“Məktəbimizin ərazisi genişdir. Bu ərazinin bir hissəsində sitrus meyvə ağacları əkilib. Əvvələr ərazi baxımsız idi. Sonradan valideynlər və kənd icması ilə birlikdə həmin ərazini təmizlədik, ağaclara qulluq etməyə başladıq. Artıq altı ildir ki, buradan bol məhsul götürürük. Bu il isə 1600 kiloqrama qədər naringi və 150 kiloqramadək kivi yığmışıq. Xalis gəlir isə 1640 manat təşkil edib. Əldə olunan vəsaiti daxili aktla sənədləşdirir və şahidlərin iştirakı ilə məktəbin daxili ehtiyaclarının ödənilməsinə sərf edirik. Bundan başqa, bu meyvələrdən şəhid və qazi ailələrinə sovqat da paylayırıq”, – deyə məktəbin direktoru Xəqani Mahmudov bildirib.
Məktəbin bağbanı Mahruq Əsgərova isə qeyd edib ki, təsərrüfatda naringi, kivi, feyxoa və digər meyvə ağacları var. Bar verən ağaclara bol məhsul əldə etmək üçün xüsusi aqrotexniki qulluq göstərilir. Yeni ağac tingləri, o cümlədən məhsuldar naringi sortları da əkilib.
Bu təsərrüfatdan yığılan meyvələrdən şəhid və qazi ailələrinə, uşaq evlərinə sovqat göndərilir, həmçinin qalan meyvələrin satışından əldə olunan gəlir təhsil ocağında təmir işlərinə, maliyyə ehtiyaclarının ödənilməsinə sərf edilir.