SON XƏBƏRLƏR

Astara rayonunun Deqədi kənd ümumi orta məktəbinin  komandası “STEAM Azerbaycan” festivalında “EduDrone” kateqoriyası üzrə qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Qafqazinfo.az-a istinadən verir.

8 ölkədən olan komandaların iştirak etdiyi beynəlxalq bilik yarışında məktəbin 7-ci sinif şagirdləri Murad İsayev və Nuran Hacızadə informatika müəllimi Nemət Tarverdiyevin rəhbərliyi ilə “Sparrow” adı altında çıxış ediblər.

Məktəblilərin yaşadığı kəndlə bağlı maraqlı məqam üzə çıxıb. Belə ki, “Kaspi” qəzeti yarışda qalib olan şagirdlərlə bağlı məqalə dərc edib. Məqalədə qeyd olunub ki, ucqar dağ kəndinin internetə, mobil cihazlara geniş əlçatanlıqları olmayıb. Eyni zamanda STEAM üzrə təlimçi olan Nemət Tarverdiyev özü də bu məktəbin məzunu olub. Onun sözlərinə görə, məktəbdə Çin Səfirliyinin hədiyyə etdiyi kompüterlər olsa da, internet problemi yaşayıblar.

Müəllim bildirib ki, təhsil müəssisəsində internetin olmamasına səbəb sentyabrdan başlayaraq sinif otaqlarının hissə-hissə təmir olunmasıdır. O, uşaqları hazırlaşdırmaq üçün qonşu məktəbdən iki dron alıb:

“Sentyabrdan başlayaraq şagirdlərin informatika fənnindən proqram təminatı üzrə məlumatlarının olması üçün fənni, proqramlaşmanı, dronu öyrəndik və məşq etdik. Məktəbin həyəti palçıq olduğundan uşaqlar dronu sinif otaqlarında, pəncərədən hərəkət etdirdilər. Təmirlə əlaqədar məktəbdə elektrik də kəsilibmiş. Bu çətinliklərə baxmayaraq, uşaqlar gecələr də öyrənməyə gəliblər. Hər şey onlara sıfırdan öyrədildi. Uşaqların mobil telefon anlayışı belə yox idi. Onların evlərində yalnız köhnə televizor var. Uşaqlar mobil telefonda proqramlaşmanı öyrəndilər. Bizim kənddən Lənkərandakı STEAM mərkəzinə 42 km-lik məsafə var. Cəmi iki dəfə o mərkəzə gedib, normal şəraitdə məşq eləmişik”.

Qeyd edək ki, məktəblilər 2021-ci ildə keçirilən STEAM festivalında da iştirak edərək 3-cü yeri qazanıblar.