Lənkəranın Osakücə kənd körpələr evi – uşaq bağçasında tərbiyəçi müəllim işləyən Gülay Fərzullayeva uzun müddətdir ki, amiqurumi sənəti ilə məşğuldur.
Onun bu sənətlə tanışlığı 10 il əvvəl başlayıb. Rusiyada yaşadığı müddətdə Raya nənədən öyrənib. Vətənə qayıdandan sonra da davam etdirib. Gülay deyir ki, bir oyuncağın ölçüsü kiçik olarsa, 4 günə, böyük olarsa, 1 həftəyə başa gəlir. Bu işi ona gəlir də qazandırır.
“Ən kiçik toxuduğum 7 manatdan başlayaraq hardasa 40 manata qədər olur. Onların qiyməti sapına görə, sərf etdiyim vaxta görə dəyişir”.
Gülayın sərgilərdə nümayiş etdirdiyi bütün əl işləri, demək olar ki, satılır. Ən çox tələbat görən isə balaca gəlinciklər, ayı balaları, flaminqolar və digər balaca oyuncaqlaradır.
“Hədiyyə verməyi də çox sevirəm. Fiziki məhdudiyyəti olan uşaqlara, həssas qayğıya ehtiyacı olan uşaqlara, şəhidlərimizin övladlarına hədiyyə verməyi özümə borc bilirəm”.
Gülay deyir ki, uşaqları zərərli plastik oyuncaqlardan uzaq tutmaq lazımdır. Toxuma oyuncaqlar saplarla, sağlam iplərlə hazırlandığından həm daha uzunömürlü, həm də təhlükəsizdir.
Gülay, həmçinin Lənkəran şəhər Mədəniyyət Mərkəzində həsirçilik və toxuculuq dərnəyində bacarıqlarını yeniyetmə və gənclərə öyrədir.