SON XƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Mərkəzinin elmi işçiləri uğurlu nəticə əldə ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində AzTV-yə istinadən verir.

Belə ki, onlar 4 yeni çay sortu yetişdiriblər. Bunlar “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Çəhrayı” çay sortlarıdır. Dövlət reyestrinə salınan çay sortlarının təsərrüfatlarda tətbiqinə artıq icazə verilib.

Həmçinin Lənkəran regional mərkəzi tərəfindən daha bir növün dövlət sort sınağına təqdim edilməsi üçün hazırlıq görülür. Bu çay sortu öz keyfiyyət göstəricilərinə görə daha üstün hesab olunur.

AMEA-nın Lənkəran regional mərkəzinin direktoru Fərman Quliyev bildirib ki, bu sortun adını “Zəfər” qoyacaqlar. Bu sort keyfiyyətini saxlamaq üçün veqetativ üsulla artırılır.

Torpaq və iqlim xüsusiyyətlərinə görə, Lənkəranda bitən çay dünyada tərkibi ən zəngin və ekolojı cəhətdən təmiz məhsul sayılır. Məhz elə bu xüsusiyyətlərinə görə bu çaydan bir çox sağalmayan xəstəliklərin müalicəsində istifadə oluna bilər. Artıq AMEA-nın Dendrologiya institutunun Lənkəran regional elmi mərkəzi tərəfindən hazırladığı proqram bu məqsədə xidmət edir.

Professor Fərman Quliyevin yaratdığı 4 yeni çay sortu dünya standartlarına uyğun olaraq, sınaqdan keçirilib. Sınaq aparılan əkin sahəsinin radiasiya fonu və ərazidəki nisbi rütubət öyrənilib. Torpaq nümunələri götürülüb və ağır metalların çay bitkisinə təsiri müəyyən edilib. Həmçinin bitkidə fotosintez proseslərinin fəallığı, bitkinin biolojı xüsusiyyətləri, eləcə də məhsuldarlığı təyin edilib.

Fərman Quliyev: “Bizim torpaqda ağır metalların miqdarı azdır. Hindistana və başqa çay becərən ölkələrə nisbətən, bizim torpaqlarda ağır metalların miqdarının az olması onu göstərir ki, bu çaylar insan orqanizmi üçün daha keyfiyyətli sayılır”.

Bu çay sortlarından alınan ekstraktın dünyada geniş yayılan Altsheymer, Parkinson, eləcə də bədxassəli şişlərin müalicəsində istifadə olunması proqramı da hazırlanıb.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə bu sortların təsərrüfatlarda geniş tətbiqi çayçılığın intensiv inkişafına təkan verəcək.