Hal-hazırda Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetində təhsil alan Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd orta məktəbinin məzunu İbrahim Fuad oğlu Həsənlini tanıyaq.
İbrahim Həsənli 4-cü sinifdə oxuyarkən rayon üzrə ilin ən yaxşı şagirdi seçilib. 9-cu sinifdə buraxılış imtahanında 267 bal toplayaraq, Respublika üzrə VIII yeri tutub və qırmızı attestat alıb.
İbrahim riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadada dünya üzrə IX yerə layiq görülüb. Daha sonra riyaziyyat fənni üzrə “Sabahın alimləri” XI Respublika müsabiqəsində III yerə layiq görülüb. Bu da Astara rayonunda bir ilk olub. V Ümumrespublika Forumunun iştirakçısıdır. Bu, Türkiyə, Azərbaycan və Bolqarıstandan xüsusi istedadı ilə seçilən tələbələrin iştirak etdiyi respublika səviyyəli forumdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirləri Məclisinin fəal uşaq qrupunun üzvüdür. Tələbələrin Fərdi İnkişaf Platformasının İdarə Heyətinin üzvüdür. Bu platforma Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə yaradılıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə İbrahimin startapı II yeri qazanıb. Onun startapı əlillərin məşğulluğu ilə bağlıdır. Intel ISEF-in keçirdiyi ölkə seçimində III yeri qazanıb. Azərbaycanda bu müsabiqəyə “Sabahın alimləri” deyirlər.
Beynəlxalq STEM Riyaziyyat Olimpiadasının finalçısıdır. 70-dən çox ölkənin iştirak etdiyi olimpiadada XII yeri qazanıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yay Elm Festivalı”nda III yerə layiq görülüb.
Google, Microsoft şirkətlərinin sponsorluğu ilə təqaüdlü 8 aylıq “Coding Classes in California” proqramını qazanıb. “Redbull”-un Nyu-York filialının və böyük bank şəbəkəsini özündə birləşdirən “VİSA”-nın təqdim etdiyi marketinq təcrübə hazırlığının üzvüdür.
İstedadlı gənc ABŞ-nin 6 universitetinə – Cənubi Texas Universiteti, Nyu-York Texnologiya İnstitutu, Alliance Universiteti, Toledo Universiteti, Brenau Universitetinə daxil olub. O, hal-hazırda Pensilvaniya universitetində Beynəlxalq biznes administrasiyası ixtisası üzrə təhsil alır.