SON XƏBƏRLƏR

Masallı rayonunun Rüdəkənar kəndinə 30 ildən artıqdır ki, magistral qaz xətti çəkilsə də, bu xətlər evlərə qoşulmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Oxu.az-a istinadən verir.

Sakinlər il ərzində qış aylarını keçirmək üçün onlara 3-4 maşına qədər odun lazım olduğunu qeyd ediblər.

Sakinlərin söylədiklərindən:

“Kəndimizdə 200-250 ev var. Bu evlərin hərəsinə 2-3 maşın meşədən odun gətirmək lazımdır. Odunun da 1 maşını 300-350 manatdır. Deməli, elə olur ki, bir evə 3 maşın tələb olunur qışı keçirtmək üçün. Meşədən də odun qırmağa bizə icazə vermirlər, çünki ekologiya gəlib cərimə eləyir. Nə eləmək lazımdır? Uşaqlar dərsə gedir. Onlar üçün səhər peçi yandırıb, çay-çörək hazırlamaq lazımdır. Çox əziyyət çəkirik”.

“Məcbur olub həyətimdəki 4-5 ağacı kəsmişəm ki, ailəmi qışdan çıxarsın. Nəvəm balacadır. Ondan ötrü gündəlik istər gecə olsun, gündüz olsun, peçi yandırıram ki, uşaq xəstələnməsin”.

“Qonşu kəndlərin hamısında qaz var, bizim kənddən savayı. 2023-cü ildə bizə vəd veriblər ki, kəndimizə qaz çəkiləcək. Arzumuz odur ki, bu sözlərin hamısı öz yerini tapsın”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin sözçüsü Eldəniz Vəliyev bildirib ki, regionların qazlaşma prosesi davam edir. “Cari ildə 124 kənd və yeni yaşayış massivinin qazlaşması prosesi həyata keçirilir. Sözügedən kəndin də qazlaşması nəzərdə tutulur, növbəti mərhələlərdə bu işin icrası həyata keçiriləcək.