Masallı rayonunun Xırmandalı kəndinin sakinləri kəndlərinə gələn “Azəriqaz” İB-nin nümayəndəsinin qanunazid hərəkətlər etməsini iddia edirlər. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb (dövlət qurumunun əməkdaşının adına xələl gətirməmək məqsədi ilə videonu izləyicilərimizlə bölüşmürük).
Belə ki, sakinlərin sözlərinə görə, kəndə gələn şəxs, ümumiyyətlə, “Azəriqaz” İB-nin əməkdaşı deyil. Digərləri isə iddia edirlər ki, əraziyə gələn şəxs sayğacın göstəricilərini götürüb gedir və bir müddət sonra qayıdıb qəbzi onlara təqdim edir. Bəziləri də onlara sayğacın göstəricisindən daha çox məbləğin yazıldığını bildirirlər.
Məsələyə aydınlıq gətirmək üçün Lənkəran rayon Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədovla əlaqə saxladıq.
Namiq müəllim açıqlamasında bu şəxsin “Azəriqaz” İB-nin əməkdaşı olduğunu bildirdi. “Bu şəxs “DOST İş mərkəzi” MMC-nin Masallı Xidmət Sahəsinə təhkim edilmiş işçisidir. Rəsmi əmək müqaviləsi DOST Mərkəzi ilədir. Ancaq xidmət üçün bizə təhkim edilib”.
Şəxsin qanunazid hərəkətlər etməsi iddiasına isə:
“Adam vəzifəsini yerinə yetirir. Ancaq onu bu şəkildə çəkib TikToka qoymaqla dövlət qurumu nümayəndəsinin qanuni fəaliyyətinə maneçilik törədilir. Hüquqşünaslarımız bu işlə məşğul olurlar. O ki qaldı sakinlərə, sadəcə bildirişdəki rəqəmlərlə sayğacın üzərindəki göstəricini üzləşdirib doğruluğuna əmin ola bilərlər. Əsas arqument, hesab edirəm ki, budur. İşçi qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər köməkçisinin peşə təlimatına uyğun öhdəsinə düşən işi yerinə yetirir”.