SON XƏBƏRLƏR

Lənkəran rayonunun ucqar Günəhir kəndi meşəlik ərazidə yerləşsə də, sakinlər evlərini isitməyə çör-çöp belə tapa bilmirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində İctimai TV-yə istinadən verir.

Kənd meşə massivində yerləşiyi üçün yaz ayları olmasına baxmayaraq, hələ də insanlar odun sobalarından istifadə edirlər. Amma sobaya atmağa odun tapa bilmirlər. İllərdir bu vəziyyətdə əziyyət çəkən əhali kəndin mavi yanacaqla təmin olunmasını istəyir.

Sakinlər deyirlər  ki, Hirkan milli parkının ərazisində çürümüş çör-çöp yığa, hətta giriş belə qadağan olduğundan qış ayları üçün odun tədarük edə bilmirlər. Çoxsaylı müraciətlərdən sonra kənd sakinləri üçün Lənkəranın digər meşə massivində ömrünü başa vuran ağacların qanuni kəsim yerlərində odun tədarük məntəqəsi təşkil edilib. Ancaq 50 km-dən də uzaq ərazidən odunun daşınması sakinlərə 2 qat baha başa gəlir. İllərdir bu çətinliklə yaşayan sakinlər kəndə qaz xəttinin çəkilməsini istəyirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İB-dən bildirildi ki, regionlarda qazlaşma prosesi daxili imkanlar hesabına mütəmadi keçirilir. Proses mərhələli şəkildə icra olunduğundan Günəhir kəndinin qazlaşması gələcəkdə icra olunacaq plana daxildir. Bu planın nə vaxt icrasına başlanılması vaxı isə hələlik məlum deyil.

Qeyd edək ki, analojı vəziyyət Lənkəranın Bəliton, Horavenc və Türkəncil kəndlərində də yaşanır.