Lənkəran şəhərinin mərkəzi küçələrinin birində işıq dirəkləri yoxdur. Bu haqda oxucular Cenublu.az-a bu gün, 18 noyabr tarixində müraciət ediblər.
Sakinlər bildiriblər ki, şəhərin M.Nəsirli və İ.Səmədzadə küçələrinin kəsişdiyi yerə qədər işıqlandırma sistemi yoxdur.
Ərazidə gediş-gəlişin çox olması və işıq dirəklərinin olmaması sakinlərin narazılığına səbəb olur. Həmçinin, Lənkəran rayon ərazisində küçə itləri üçün sığınacaq olmadığından, gecələr həmin ərazidə küçə itləri insanlara təhlükə yaradır.
“Biz uşaqlarımızı rahatlıqda dərsdən sonra hazırlığa göndərə bilmirik. Qış aylarında hava tez qaralır. Küçəmiz zülmət qaranlıq içində olur. Bir yandan da küçə itləri. Bir sözlə, saat 6-7-dən tək küçəyə heç kim çıxmır. Bu işıq problemi tez bir zamanda həll olunsa, bizdə rahat olarıq” – deyə sakinlərdən biri qeyd edib.
