SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən binaların birinin zirzəmisi çirkab sular ilə dolub. Bu haqda məlumatı Xəzər TV verib.

Əsasən əlillərin və şəhid ailələrinin yaşadığı 36 mənzilli yaşayış binasının sakinləri rütubətdən və pis qoxudan narahatdırlar. Onların sözlərin görə, kanalizasiya boruları köhnə olduğundan hər dəfə onlardan biri qəzalı vəziyyətə düşür.

“Borular qəzalı olduğundan zirzəmi çirkab sular ilə dolub. Həmçinin, yağış yağdıqda da eyni problemlə üzləşirik”- deyə sakinlərdən biri söyləyib.

“Anbar balacadır. 6 bina bu anbarın üstündədir. Bir az yağış olanda dolur, vurur binanın altına. Biz 12 ailə 1-ci mərtəbədə yaşayırıq. Rütübətdən xəstəlik tapmışıq” – deyə digər sakin qeyd edib.

Sakinlər deyirlər ki, hər şikayətdən sonra gəlib zirzəmidən su çəksələrdə, problem kökündən həll olunmur. Bir neçə gün keçəndən sonra binanın zirzəmisində eyni mənzərə yaranır.

Sözügedən məsələ ilə bağlı Xəzər TV Lənkəran Sukanal İdarəsi ilə əlaqə saxlayıb. İdarənin rəsmisi Asif Məmmədov şifahi olaraq bildirib ki, binanın zirzəmisində olan qəzalı su borusu ilə bağlı müraciət olunan kimi düzəldilib. O bildirib ki, zirzəmisində olan çirkab suları sadəcə qrunt sularıdır və növbəti iş günündə sular təmizlənəcək.