Masallıda növbəti müasir heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Açılış mərasimində Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, dövlət qurumlarının nümayəndələri, “Uluxanlı” heyvan kəsimi məntəqəsinin sahibi Ziyadə Məmmədova və digər sahibkarlar iştirak ediblər.
Sonra kəsim sexində yaradılan şəraitlə tanışlıq olub, məntəqədə heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesləri həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz olunduğu müəyyən olunub.
Masallı şəhərinin Seybətin küçəsi ərazisində yerləşən məntəqə 24 saat fəaliyyət göstərəcək. Bu müddət ərzində 200-ə yaxın iri, 400-ə yaxın xırdabuynuzlu heyvan kəsimi mümkün olacaq. Bundan əlavə burada ət məhsullarının konservləşdirilməsindən ötrü müasir avadanlıqlar quraşdırılacaq. Məntəqədə 50 nəfər işçi (qəssab, xidmətçi, dəri aşılayan və s.) çalışacaq. Şəhid ailələri və qazilər üçün kəsim ödənişsiz olacaq.
Belə bir məntəqənin açıqlmasında məqsəd Masallı rayonunda heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması, istehlakçıların hüquqlarının müdafiəsidir.