SON XƏBƏRLƏR

Lənkəranda ötən il sahibkarlar rayonda kənd təsərrüfatının inkişafına, tikinti və turizm sektoruna, müxtəlif xidmət müəssisələrinin yaradılmasına 21 milyon 300 min manat vəsait qoyublar. İl ərzində isə 547 milyon manatlıq ümumi məhsul istehsal edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 yanvar tarixində AzTV-yə istinadən verir.

Rayon iqtisadiyyatının inkişafında emal müəssisələrinin böyük payı var. Onlardan biri də qənnadı fabrikidir ki, aylıq istehsal gücü 130 tondur. Braziliya, Türkiyə və Rusiya istehsalı olan müasir avadanlıqlarla təchiz edilən müəssisədə 130 qənnadı ustası və texniki işçi çalışır. Burada, əsasən, karamel, marmelad tipli qənnadı və şirniyyat məhsulları istehsal olunur. Ötən il istehsalda 36 faiz artım qeydə alınıb.

Fabrikdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, artıq 6 aydır ki, xarici ölkə bazarlarına da çıxış imkanı qazanıb. Belə ki, artıq Asiya ölkələrindən Türkmənistan, Qırğızıstan, Özbəkistan, MDB dövlətlərindən isə Gürcüstan və Rusiyaya da ixrac olunur. Gələcək hədəf planlarında ərəb ölkələrinə də məhsul ixracı nəzərdə tutulur.

Lənkəranda istehsal olunan kənd təsərrüfatı və konserv məhsullarına da xarici ölkələrdə tələbat böyükdür. Ötən il təxminən 8 min ton məhsul dünyanın 30-a yaxın ölkəsinə ixrac olunub.

“Ötən il bizim rayonumuzda istehsal edilmiş 5991 ton çiyələk məhsulu artıq Rusiya, Qazaxıstan və Belarus bazarlarına çıxarılmışdı. Əlavə olaraq biz deyə bilərik ki, sitrus meyvələrindən 682 ton naringi, 676 ton feyxoa meyvəsi Rusiya bazarlarına ixrac edilmişdi. 13,2 ton istehsal edilmiş qara çay Gürcüstan bazarına ixrac edilmişdi. Bilirsiniz ki, rayonumuzda iri emal müəssisələri fəaliyyət göstərir. Onlar ümumilikdə 350 tona yaxın qablaşdırılmış meyvə-tərəvəz məhsullarını dünyanın 20-dən çox ölkəsinə ixrac ediblər”- Lənkəran ŞİH-də Sosial, İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə bildirib.

Dövlət proqramlarının icrasının nəticəsi olaraq, ötən il kənd təsərrüfatı üçün də uğurlu olub. 137 milyon 500 min manatlıq məhsul istehsal edilib ki, bu da 2021-ci ildəkindən 16,8 faiz çoxdur. Bu il həm məhsul istehsalının, həm də ixracın daha da artacağı proqnozlaşdırılır.