SON XƏBƏRLƏR

Lənkəranda investisiya qoyuluşunda ötən illə müqayisədə 3,68 milyon manat artım müşahidə edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, 2022-ci ilin 9 ayı ərzində rayona 19,39 milyon manat özəl investisiya qoyulub, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,68 milyon manat çoxdur. Cari il ərzində istifadəyə verilmiş müəssisələrdə və xidmət sahələrində  əlavə olaraq 800-ə yaxın vətəndaş daimi işlə təmin olunub, tikintisi davam edən obyektlərdə isə 450-dən çox vətəndaş mövsümi işlərə cəlb olunub. Daimi və mövsümi işlərdə çalışanların əmək müqaviləsi əsasında işə qəbul olunmasına nəzarət edilir.

Hazırda iri həcmli layihələrdən olan “Dosa Mall” istirahət və ticarət, o cümlədən uşaq əyləncə mərkəzlərinin, həmçinin “LP” MMC tərəfindən  Lənkəran şəhərində plastik məmulatların istehsalı müəssisəsinin, MİDA və digər sahibklarlar tərəfindən bir neçə çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilir və yaxın vaxtlarda bir neçə iri həcmli layihələrin təməlinin qoyulması planlaşdırılır. Növbəti ildə sözügedən obyektlərin istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da çox sayda vətəndaşların işlə təmin olunmasına şərait yaradacaq.