SON XƏBƏRLƏR

Lənkəranda bir neçə gündür ki, feyxoa yığımı başlayıb. Bu haqda məlumatı bu gün, 22 oktyabr tarixində AZTV verib.

Belə ki, fermerlərin sözlərinə görə bu il məhsuldarlıq aşağıdır. Rvo kənd sakini Vahid Qubadov bir hektar torpaqda on ildir ki feyxoa bağı salıb. “Bu mövsüm məhsuldarlıq əvvəlki illərlə müqayisədə iki dəfə azdır. Bağımdan 3 ton məhsul gözləyirəm”.

“Keçən il hər gün işçilər işləyirdi, günə 1-1,5 ton məhsul yığırdıq, bu il isə işçilər hər 3 gündən bir işləyir. Günə 300-400 kiloqram yığa bilirik. Keçən il bu vaxtı feyxoa çox iri idi bu il havaların quraq keçməsi ilə feyxoalar xırda olub. Ona görə bizdə məcburuq 3-4 gün gözləyək biraz iri olsun, bizdə meyvəni yığaq” – deyə fermer Vahid Qubadov söyləyib.

Məhsuldarlığın aşağı olmasına gəlincə bu ilk növbədə qış aylarında havaların sərt keçməsi ilə əlaqədardı. Bundan əlavə iyul ayındada çiçəklənmə dövründə yağan intensiv yağışlar nəticəsində çiçəklər çürüməyə məruz qalıb. Feyxoa istehsalı aşağı düşsə də fermerlər nəticədən narazı deyil. Çünki Rusiya və digər ölkələrə göndərilən məhsul yaxşı qiymətə satılır. Xırdalar 1 manata, irilər 1,60-2 manat arası satılır.

Qeyd edək ki, bu günə qədər Astara və Lənkəran üzrə Rusiya və digər MDB ölkələrinə 100 min tondan çox feyxoa ixrac edilib. Məhsul yığımı dekabr ayınadək davam edəcək.