SON XƏBƏRLƏR

İkinci çörək əvəzi istifadə olunan payızlıq kartofun yığımına start verilib. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Marja-ya istinadən xəbər verir.

Növbəli əkin prinsipinə uyğun olaraq, sahələrdən il ərzində iki, üç, bəzən dörd dəfəyədək məhsul götürən zəhmət adamları, builki payızlıq əkin mövsümündə rayonun ayrı-ayrı kəndlərində təxminən 1000 hektara yaxın sahədə kartof əkib-becəriblər.

“Məhsulumuz yaxşıdır. Ötən il 30 ton götürdüyüm sahədən bu il 60 ton kartof yığacağımızı gözləyirəm. Yazlıq əkini saxlamaq olmur. Amma payızlıq əkini saxlamaq və istədiyin vaxt satmaq olur. Ötən ilə baxanda bu il qiymətlər də yaxşıdır. 30-40 qəpiyə alınan məhsul bu il sahələrdə 50 qəpiyə satılır. Bu da bizə sərf edir. Bir az da saxlaya bilsək, daha baha satarıq”, – deyə uzun illər kartofçuluqla məşğul olan fermer Şamil Əliyev bildirib.

Fermerlər deyirlər ki, yay fəslində yığılan kartofu qışa qədər saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Həmçinin məhsulun xeyli hissəsi xarab olur, əmtəəlik qabiliyyətini itirir. Ona görə də fermerlər yazlıq məhsulu yığan kimi dərhal bazara çıxarmalı olurlar. Hətta Rusiya bazarlarına çıxış imkanları olsa belə, ucuz qiymət, bəzən məhsulun maya dəyərindən də aşağı qiymətə satışı onlara xeyli ziyan vurur. Builki payızlıq kartofun məhsuldarlığının və qiymətinin yüksək olması fermerləri ruhlandırıb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi İlham Babayevin sözlərinə görə, hər il olduğu kimi, bu il də rayonda fermerlər taxıl biçinindən sonra həmin sahələrin müəyyən hissəsində payızlıq kartof əkini həyata keçiriblər. Təxminən 2300 hektar sahədə payızlıq kartof əkilib. Hazırda əkin sahələrindən kartof çıxarılır. Fermerlər tərəfindən hər hektardan 15-16 ton məhsul götürülür.

Bu il yazlıq əkinlər üzrə Cəlilabad rayonunda 5450 hektar kartof sahəsindən 140 min tona yaxın məhsul toplanılıb. Tədarük olunan məhsulun 63 min tonu xaricə ixrac edilib. İstehsalçıların hazırda payız mövsümündən də yüksək gözləntiləri var.