Cəlilabadda bu il rayon tarixində ilk dəfə olaraq rekord həddə paxlalı bitkilər əkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində ARB Cenub-a istinadən verir.
Builki əlverişli təbii şərait rayonda ilk dəfədir ki, noxud sahələrinin 2 dəfəyədək artırılmasına səbəb olub. Hər il 3 min hektara yaxın əkilən noxud sahələri bu il 6 min hektara çatdırılıb.
Uzun illərdir dənli paxlalı bitkilərin istehsalı ilə məşğul olan fermer Faiq Əsədov deyir ki, noxudun ən yaxşı səpin üsulu 2 cərgəli lent zolaq üsuludur. Dəmyə şəraitində cərgəarası 30-45 santimetr olmaqla birbaşa səpin üsulu da yaxşı nəticə verir.
Fermerin sözlərinə görə, ötən il qiymətlər pis olmayıb. Bir kiloqramı 2 manat 50 qəpikdən satmaq mümkün olub. Builki gözləntilər də böyükdür, lakin işıqla bağlı problemlər olmasa, daha çox bolluq yaratmaq olar.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, mövcud problemlərin aradan qaldırılması üçün subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismar qaydalarının hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub. Bu il rayon ərazisində 7 subartezian quyusunun qazılması üçün vəsait ayrılıb.