SON XƏBƏRLƏR

Əsasən cənub zonasında yetişdirilən sitrus meyvələri bağlarının həcmi artarsa, Azərbaycan bu məhsula olan tələbatının hamısını yerli istehsal hesabına ödəyə bilər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Xəzər Xəbər”ə müsahibəsində deyib.

Bu, dövlətin sitrus meyvələrinin yetişdirilməsinə verdiyi maliyyə dəstəyi ilə mümkün olacaq.

Firdovsi Fikrətzadə: “Hesablamalar göstərir ki, bu məhsullar üzrə idxalın illik dəyəri bir neçə milyon dollar təşkil edir. Buna görə yerli istehsal genişlənsə, bu vəsait də ölkədə qalar. Odur ki, sitrus meyvələri yetişdirmək istəyənlər üçün yüksək məbləğli birdəfəlik subsidiya veriləcək”.

Firdovsi Fikrətzadənin sözlərinə görə, sitrus meyvələri üçün əsas ərazi hesab edilən cənub bölgəsində əhaliyə paylanan pay torpaqları sahələrinin az olması da böyük həcmli bağların salınmasında ləngimələr yaradır. Amma prosesi sürətləndirmək üçün təkliflər var.

Qeyd edək ki, Azərbaycan sitrus meyvələrini kənardan idxal etsə də, min tona qədər ixrac potensialı var. Bu meyvələrin ixracı üçün ən cəlbedici bazar isə hazırda Rusiya hesab olunur.