SON XƏBƏRLƏR

Bir neçə il əvvəl cənub bölgəsində sitrus meyvəsi olan hollabonqun əkilib becərilməsinə başlanılıb. Bu haqda məlumatı ARB Cenub verib.

Hollanbonq görünüşü, adı, dadı və məhsuldarlığına görə digər sitrus meyvələrindən fərqlənir. Lənkərana cənubi Koreyadan gətirilən hollabonq tingləri ilk dəfə rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilib. Nəticə ürəkaçan olduğundan sahələr ilbəil genişləndirilərək 78 hektara çatdırılıb. Qış aylarında yetişən bu meyvənin indi yığım dövrüdür.

Dekabrın axırlarından yığıma start verilən təsərrüfatdan bu günədək 50 tona yaxın məhsul yığılıb. Daha 10 ton meyvə toplanması gözlənilir.

Hollabonq ağacları 8-10, meyvəsi isə 2-3 dərəcə şaxtaya dözə bilir. Əsasən 350-400 qram olan bu meyvə hətta 500-600 qram çəkilərdə də olur.

Qiymətlər meyvənin kalibrinə görə 1 manat-2,50 manat arasında dəyişir. Xoş ətrə, gözəl dada malik olan bu meyvədən qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində geniş istifadə olunur.