Astaralı arıçıların tonlarla məhsulu əllərində qalıb. Bu haqda xəbər bu gün, 12 oktyabr tarixində Baku TV-də paylaşılıb.
Bu il məhsul bol olsa da, arıçılar həm bu il, həm də keçən ilki məhsullarını sata bilmirlər. 2 ildir pandemiya şəraitinə görə bal yarmarkaları təşkil olunmurdu.
Cari ilin 25 sentyabrından yarmarkalar təşkil olunsa da, arıçılar orada iştirak edə bilmir. Onların sözlərinə görə, yarmarkada məhdud iştirakçı sayı olduğundan qeydiyyatdan keçə bilmirlər.
“Təqribən keçən ildən 400 kq və bu ildən 500 kq balı sata bilməmişəm. Yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Kənddə internet bağlantısında problem olduğundan və smartfonlardan istifadə edə bilmədiyimə görə, yarmarkada iştirak edə bilmirəm” – deyə arıçı Əlişah Salayev qeyd edib.
Hər bir rayondan yarmarkada iştirakçı limiti 40 nəfərdir. Cənub bölgəsinin arıçılarının sayı 250 nəfərə yaxın olduğundan, arıçılar qeydiyyatdan keçə bilməyənlərə şans verilməsini istəyirlər.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu problemin həll olunması onların səlahiyyətində deyil.