Astara rayonunda 2022-ci ilin yanvar-dekabr aylarında ümumi məhsul və xidmətlərin həcmi 15,3 faiz artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Azertac-a istinadən verir.
Rayon iqtisadiyyatının əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) üzrə 2022-ci ildə istehsal olunan məhsul və xidmətlər əvvəlki illə müqayisədə 15,3 faiz artaraq 274384,3 min manat olub. İstehsal edilən məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri isə 2456,6 manat təşkil edib.
Bu dövrdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 110318,2 min manatlıq və ya ümumi məhsulun 40,2 faizi qədər, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 76234,6 min manatlıq (27,8 faiz), sənayedə 31142,5 min manatlıq (11,3 faiz), tikintidə 49296,6 min manatlıq (18,0 faiz), nəqliyyat və anbar təsərrüfatı sahələrində 6184,3 min manatlıq (2,3 faiz), informasiya və rabitə sahələrində isə 1208,1 min manatlıq (0,4 faiz) məhsul və xidmətlər istehsal olunub.
Əvvəlki illə müqayisədə tikintidə 2,2 dəfə, nəqliyyat və anbar təsərrüfatı sahələrində 44,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,6 faiz, informasiya və rabitə sahələrində 5,0 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 1,8 faiz artım, sənayedə isə 10,1 faiz azalma müşahidə edilib.