SON XƏBƏRLƏR

Astarada naringi yığımına start verilib. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Apa verib.

Naringi yığımı əsasən dağətəyi kəndlərdə aparılır. Yerli sortlar gec yetişdiyindən indi bağlarda “karli” sortu yığılır.

Sahibkarlar bildirir ki, bu il məhsuldarlıq ötən ilə nisbətən aşağıdır. Keçən il 5-6 ton məhsul verən bağda bu il məhsuldarlıq 2-3 tona düşüb. Buna baxmayaraq, kənd sakinləri bu vəziyyətdən narazı deyil.

“Çoxdandır burada yaşayıram, 30-40 il olar. Məşğuliyyətimiz sitrus bitkiləridir. Həyətdə 200-300 ədəd sitrus ağaclarımız var. Dərib 80-90 qəpiyə, 1 manata satırıq. Mart ayına saxlayanlar 1.50 manata satır. Demək olar ki, biz əsasən bununla dolanırıq” – təsərrüfat sahiblərindən biri deyib.

“Naringi geniş istifadə olunan meyvədir. 1 naringini yeməklə gündəlik C vitamini ehtiyacının yarıdan çoxunu ödəmək mümkündür. Naringidən ən çox yeməyə, kompot qoymağa, qrip xəstəliyinə qarşı, iştahasızlığa qarşı istifadə olunur, mürəbbə bişirilir. Kim nə istəsə, o cür istifadə edə bilər. Çox faydalı meyvədir” – daha bir təsərrüfat sahibi deyib.

Qeyd edək ki, Astarada 2298.8 hektar naringi bağı var. Onlardan 1048.4 hektarı məhsuldardır. Bu sahələrdən keçən il təsərrüfat sahibləri ümumilikdə 34 442 ton məhsul yığıblar.