SON XƏBƏRLƏR

Astarada cari ilin yanvar-mart aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2100,3 min manat vəsait ayrılıb. Bu haqda bu gün, 24 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Ümumi sərmayənin 647,4 min manatı məhsul istehsalı obyektlərinin, 1067,4 min manatı xidmət sahələri üzrə obyektlərin, 385,5 min manatı isə ümumi sahəsi 1374 kvadratmetr olan fərdi yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 1530,1 min manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Ümumi sərmayənin 33,8%-i dövlət, 66,2 %-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. 2023-cü ilin birinci rübündə tikinti müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yerinə yetirilən tikinti işlərinin həcmi 655,4 min manat olub. Ümumi tikinti işlərinin 45,6%-ni tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 49,6 %-ni cari təmir, 4,8 %-ni isə sair işlər təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilən ümumi tikinti işlərinin 49,6 %-ni, qeyri-dövlət tikinti müəssisələri isə 50,4 %-ni həyata keçiriblər.