Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər, həmçinin beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan sentyabrın 29-da təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən xüsusi hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında "Şəxsi kabinet" yaratmalıdırlar. Namizədlərin qeydiyyatı avqustun 19-u saat 10:00-dan sentyabrın 19-u saat 18:00-dək həyata keçiriləcək.
İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra imtahanda iştirak üçün tələb olunan vəsaiti kabinetlərinin pul hesabına əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.