SON XƏBƏRLƏR

Lənkəranda Zəfər Günü müxtəlif tədbirlərlə yadda qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin çoxsaylı nümayəndələri Şəhidlər Xatirə Abidə-Kompleksini və xiyabanda dəfn olunmuş şəhidlərin məzarını ziyarət edib və üzərinə tər çiçəklər düzüblər. İcra başçısı şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri ilə söhbət edib, hər kəsi Zəfər Günü münasibətilə təbrik edib.

Sonra tədbir iştirakçıları şəhərin mərkəzi küçəsi olan Qala Xiyabanı küçəsində Zəfər Gününə həsr olunan rəsm sərgisini ziyarət ediblər.

Daha sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” adlı tamaşa nümayiş olunub. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük Zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

Qeyd edək ki, Zəfər Günü ilə bağlı Lənkəranda gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə idman yarışları, müsabiqələr, sərgilər, fləş-moblar keçirilib. “Yaddaş saatı” aksiyası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ziyarət olunublar.