İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonunun Avaş kənd sakini, 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülüb.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.