Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının 1 saylı ilk ərazi partiya təşkilatında YAP-ın təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər İcra hakimiyyəti verib.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra partiyanın yaradılmasının tarixçəsini gözdən keçiriblər.
Lənkəran şəhər İcra başçısının müavini, YAP Lənkəran Rayon Təşkilatı Qadınlar şurasının sədri Rasilə Arifqızı deyib: “Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında olarkən yeganə xilas yolu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olub. Bu tarixi hadisəni görən ziyalılar 1992-ci ilin oktyabrında Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Məhz bu addım Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük rəhbərin siyasətini bugün də uğurla davam edirlər” – deyə o qeyd edib.