SON XƏBƏRLƏR

Xarici İşlər Nazirliyi azərbaycanlıların Fransa Senatına ünvanladığı petisiya ilə bağlı fikir bildirib. Bu haqda 11 noyabr tarixində Report-a istinadən xəbər veririk.

Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib:

“İctimai rəyə hər zaman həssaslıqla yanaşdığını iddia edən Fransa parlamentarilərinin soydaşlarımızın haqlı narazılıqlarına səbəb olan müraciətlərinə diqqət yetirəcəklərini gözləyirik”.

Fransa Senatında 15 noyabr tarixində Azərbaycan əleyhinə qətnamə layihəsinə baxılması nəzərdə tutulur. Layihə bir çox azərbaycanlıların hiddətinə səbəb olub və onun əleyhinə nüfuzlu Mesopinions.com petisiya saytında Fransa Senatına, hökumətinə və xalqına ünvanlanmış və qısa müddətdə 110 000-dən çox imza toplamış müraciət yerləşdirilib.

Lakin Fransa tərəfi sözügedən petisiyaya əhəmiyyət vermir.

A.Hacızdənin məsələyə münasibəti belə olub:

“Göründüyü kimi, ölkəmizə qarşı ədalətsizliyə etiraz olaraq bir qrup soydaşımız tərəfindən ictimai əsasda irəli sürülmüş bu təşəbbüs qısa müddət ərzində geniş dəstək toplamışdır. Məlumata əsasən, yalnız Fransadakı azərbaycanlılar deyil, bir sıra digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu təşəbbüsə öz imzaları ilə dəstək vermişlər. Bu addımlar, həmvətənlərimiz tərəfindən göstərilən həmrəyliyin və birliyin nümunəsidir. Təqdirəlayiq haldır ki, bu müraciət qeyd edilən portalda yerləşdirilən digər petisiyalarla müqayisədə əhəmiyyətli sayda çox dəstək cəlb edib. Buna baxmayaraq, daha az səs toplayan və daha az əhəmiyyətə malik müraciətlər ilə müqayisədə azərbaycanlıların bu petisiyasına indiyə qədər Fransa tərəfindən reaksiya bildirilməyib.”