SON XƏBƏRLƏR

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.

Etiram Hüseynli – 17 aprel 1977-ci ildə Lənkəranda anadan olub. 2002-ci ildən Lənkəran şəhəri S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə çağırışaqədərki hazırlıq müəllimi kimi fəaliyyət göstərib. 21 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub.

Emil Qurbanov – 25 avqust 1980-ci ildə Lənkəranda anadan olub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə çağırışaqədərki hazırlıq müəllimi işləyib. Vətən müharibəsində tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Qubadlının düşməndən azad olunması uğrunda şəhid olub.

Tural Rəhimov – 1 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. 2016-cı ildən Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi işləyib.  Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 22 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub.