Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbulu Xanbulan inzibati ərazi dairəsində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
İcra başçısı ilə yanaşı, səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
T.Qaraşov səyyar qəbulda qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstəriş verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlərin hazırlanaraq göndərilməsini tapşırıb.
İcra başçısı kənd ərazilərində yaşayan insanların daha çox torpağın əkilib-becərilməsi ilə məşğul olmasının vacibliyi məsələsinə toxunub. Taleh Qaraşov bildirib ki, dövlət tərəfindən vətəndaşlara ayrılan pay torpaqlarından səmərəli istifadə edilməsi istər kənd təsərrüfatının inkişafı, istərsə də məşğulluğun təmin olunmasında mühüm əhəmiyyətə malikdir.