SON XƏBƏRLƏR

Daha öncə paylaşdığımız Lənkəran şəhəri Səttarxan küçəsinin illərdir təmizlənməyən xəndək problemindən sonra ünvanımıza təhqiramiz ifadələr gəlməyə başlayıb.

Cenublu.az fəaliyyətinin ilk günündən cənub zonasında mövcud olan və sakinləri narahat edən problemləri işıqlandırmaqdadır. Lakin bu cür şərhlərin gəlməsi həm bizi, həm də oxucularımızı məyus edir.

Lənkəran şəhər Mənzil Kommunal İstismarı İdarəsinin rəisinin adından yazan Facebook istifadəçisi Şahgəldi Quliyev ünvanımıza nalayiq ifadələr işlədərək bildirib ki, yazdığımız xəbər həqiqəti əks etdirmir. O, belə küçənin olmadığını bildirsə də, operativ oxucumuzun sayəsində həmin “olmayan” küçə tapılıb. Daha sonra İdarənin rəisi oxucumuzla birlikdə əraziyə baxış keçirib, problemin olduğunu sakinlərin dilindən eşidərək sözügedən problemlə yaxından tanış olub və yalnız ondan sonra ərazinin təmizlənməsi barədə göstəriş verib.

Həmçinin idarənin rəisi adından yazan Facebook istifadəçisi Şahgəldi Quliyev şərhlərdə izləyicimizə təzyiqlə Lənkəranda belə yerin olmadığını yazmasını istəyib. İzləyicimizdən isə təbii olaraq heç bir cavab gəlməyib.

Hörmətli Mənzil Kommunal İstismarı İdarəsinin nalayiq ifadələr işlədən əməkdaşı!

Siz tərifi təzyiqlə yox, gördüyünüz işlərlə qazana bilərsiniz! Odur ki, bizi yalançı, ucuz reklam edən sayt, şantajçı, “Vətəni satan jurnalistka” adlandırıb özünüzü gözdən salmayın!

Keçmişin arabası ilə uzaq getmək olmur. Sizi keçmişdə gördüyünüz “nümunəvi” işləri təkrarlamamağa, vəzifənizə məsuliyyətlə yanaşmağa və Lənkəranımızı gözəlləşdirməyə dəvət edirik!