Daha öncə xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin İranın casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılanlar var.
Saxlanılanlar arasında “SalamNews” və “İnterAz” informasiya agentliklərinin rəhbəri, əslən Cəlilabaddan olan Hacı Mətləb kimi tanınan Mətləb Bağırovun olduğu da söylənilir.
Belə ki, Azərbaycan, İran və Rusiyada biznes obyektləri olan Hacı Mətləb İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, 2016-cı ildə “İnterAz” telekanalını alaraq baş ofisi Türkiyəyə keçirib və “Türksat” peyki üzərindən yayımı təşkil edib. “SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 1 mart 2010-cu ildən başlayıb. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb.
Hər iki kanalda İranla yaxınlığı ilə seçilən dindarlar geniş reklam olunur və iranyönümlü dini təbliğat aparılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
